Xəbərlər

“Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda konfrans keçirilib

BDU - konfrans zamanı
BDU – konfrans zamanı
İyunun 9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfrans keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər iştirak ediblər. Konfrans 2 panelə bölünüb. “Təhsildə media təfsilatı” mövzusunda keçirilən birinci panel Bakı Dövlət Universitetində baş tutub. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov müasir dünyada təhsilin və mətbuatın mühüm rolunu vurğulayaraq media – təhsil dialoqu barədə fikirlərini bildirib, mediada təhsil sahəsinin daha geniş və obyektiv işıqlandırılması əhəmiyyətindən danışıb. Daha sonra Cəsarət Valehov “Təhsil Nazirliyinin media ilə əməkdaşlıq təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Təhsil Nazirliyi tərəfindən may ayında aparılmış hesabat açıqlanıb. Hesabatda müxtəlif ali məktəblərin media strukturlarının 3 aylıq statistik məlumatları, ayrı-ayrı media qurumlarının təhsil məsələlərinin işıqlandırılmasına necə və hansı müstəvidə yanaşması əksini tapıb. İlk paneldə müzakirəyə qoşulan əməkdar müəllim Almaz Həsrət təhsil xəbərlərinin hamı tərəfindən yazılmasının nəticəsi olaraq cəmiyyətdə anlaşılmaz məlumatların çoxalmasına səbəb olduğunu vurğuladı. Bu cür yanlış məlumatların yayılmamasının qarşısının alınması üçün hansı tədbirlərin görəcəyi barədə Cəsarət Valehova sual verdi.
BDU-da konfrans
BDU-da konfrans
Daha sonra Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova “Krizis kommunikasiyada media” mövzusunda təqdimat edib. Təqdimatda böhranlı vəziyyətlərdə medianın fəaliyyətinin təşkili və məlumatların ötürülməsi məsələsi və digər maraqlı məqamlara toxunulub.
Sonra geniş müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.
Plenar iclasda çıxış edən BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova təhsil və medianın qarşılıqlı münasibətindən, müasir dövrün təhsil sistemi, media qarşısında qoyduğu çağırışlardan bəhs ediblər.
***
Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirilən plenar iclas Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Billurə Hacızadənin moderatorluğu ilə keçib. İkinci plenar iclasda medianın sosial məsuliyyəti anlayışının mahiyyətindən bəhs olunub. B.Hacızadə bildirib ki, mediada sosial məsuliyyətlilik əsas və vacib məsələlərdəndir. Böyütmək üçün şəkili seçin
“Sosial mediada təhsil” mövzusunda çıxış edən “APA-Holdinq” MMC-nin prezidenti Vüsalə Mahirqızı medianın peşəkarlığı, sosial məsuliyyətinin vacibliyini qeyd edib.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz “Sosial mediada PR texnologiyaları” və Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov “Mediada qeyri-peşəkarlıq problemi” mövzularında məruzələr ediblər. Çıxışlarda sosial medianın inkişafı, internet -medianın strukturlaşmış bir formaya çevrilməsi, bütün cəmiyyət üzvlərinin, biznes qurumlarının və dövlət təşkilatlarının sosial şəbəkələrdə iştirakından danışılıb.
Müzakirələrdə iştirak edən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, təhsil eksperti Etibar Əliyev konfransın böyük önəm daşıdığını, təhsil qurumları ilə media arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əmin olduqlarını vurğulayıblar.
“Azərbaycan müəllimi”, “Azad Azərbaycan” televiziyası və “APA-Holdinq”in informasiya dəstəyi ilə təşkil olunmuş konfrans “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatıb.
Oruc MUSTAFAYEV
Qaynaq:  Azərbaycan müəllimi:  http://www.muallim.edu.az/arxiv/2014/22/06.htm
Təhsil Nazirliyinin saytı:  http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=8714
Oxunma sayı: 94

Hiç yorum yok:

Yorum Gönder